KOMMERSİYA
KOMMERSİYA

Borc müqaviləsi üzrə zaminlik, pandemiyanın fors-major hal kimi qəbul edilməməsi

Giriş

Ali Məhkəmənin Kommersiya Kollegiyası 14.06.2023 tarixli qərarı ilə borcun tutulması tələbi üzrə mühüm hüquqi məsələlərə – borc münasibətlərində “işgüzar adətlər”ə istinadın yolverilməzliyinə, pandemiyanın (fors-major) pul öhdəliklərinin icrasına təsirinin sərhədlərinə, zaminliyin bağlanma zamanının hüquqi əhəmiyyətinə və təsis payına “tutma yönəltməyin” kreditorun hüququ olmasına – sistemli izah vermişdir.

İşin faktiki halları

  • Borc müqaviləsi və ödənişlər: “xxxx” MMC (borcverən) ilə Cavabdeh1 MMC (borcalan) arasında 28.11.2019 tarixli 1 saylı borc müqaviləsi bağlanmış, 12 ay müddətinə 59.690 manatın verilməsi razılaşdırılmışdır. Borcun hissələri nağd və nağdsız yolu ilə ödənilmişdir.

  • Üzləşmə aktı: 15.10.2020 tarixli üzləşmə aktı ilə borcun mövcudluğu və qaytarma cədvəli tərəflər tərəfindən təsdiq edilmişdir.

  • Zaminlik: 20.10.2020 tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2, borcalanın öhdəlikləri tam yerinə yetirilənədək birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

  • İddia tələbləri: İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlərdən müştərək qaydada 57.310 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 5.731 manat məbləğində cərimə borcu, 9.169 manat məbləğində əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 72.240,60 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.


Məhkəmə mərhələləri və nəticələr

  • Birinci instansiya (Bakı Kommersiya Məhkəməsi): İddia qismən təmin edilmiş, 57.310 manat əsas borc və 24 manat rüsum tutulmuşdur. Dəbbə pulu (cərimə) müqavilədə nəzərdə tutulmadığı üçün, “əldən çıxmış fayda” sübut olunmadığı üçün rədd edilmişdir.

  • Apellyasiya instansiyası (Bakı Apellyasiya Məhkəməsi): Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əldən çıxmış fayda tələbi hissəsində birinci instansiya məhkəməsi iddianı əsassız olaraq rədd etmişdir. Borc müqaviləsinin özündə də borcdan istifadəyə görə faiz ödənişi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə müqavilə bağlandığı tarixdən iddiaya əlavə verildiyi 2021-ci il noyabr tarixinədək 57.310 manat borca illik 5 % olmaqla iki il üçün cəmi 5.731 manat faiz tutulmalı, faiz tələbi qalan hissədə təmin edilməməlidir.

  • Kassasiya (Ali Məhkəmə): Cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya qərarı dəyişdirilmədən saxlanılmışdır.


Ali Məhkəmənin əsas hüquqi mövqeləri

1) “İşgüzar adətlər” və “ortaq biznes” arqumenti

Cavabdehlər pulun “ortaq restoran biznesinə yatırım” olduğunu bildirmiş, ziyana və qazanca birgə məsuliyyət iddiası irəli sürmüşlər. Ali Məhkəmə Mülki Məcəllənin (MM) 10.2-ci maddəsinə istinad etməklə vurğulamışdır ki, müqaviləyə zidd işgüzar adətlər tətbiq edilmir. İşin materialları borc müqaviləsi – üzləşmə aktı – zaminlik zəncirini açıq göstərmişdir; buna görə “ortaq biznes”ə dair adət arqumentinə hüquqi əhəmiyyət verilməmişdir.

2) Pandemiya (fors-major) və pul öhdəliyi

Cavabdehlər COVID-19 səbəbindən restoran fəaliyyətinin dayandırılmasını fors-major sayaraq məsuliyyətdən azadolma istəmişlər. Ali Məhkəmə aşağıdakı əsas nöqtəni önə çəkmişdir:

  • MM 448.4 – borclu fors-majoru, onun qabaqcadan nəzərə alınmazlığını və nəticələrin aradan qaldırıla bilməməsini sübuta yetirməlikreditora dərhal məlumat verməlidir. İşdə belə məlumatlandırma müəyyən edilməmişdir.

3) Zaminliyin bağlanma vaxtı və etibarlılığı

Məhkəmə kollegiyasının qənaətinə görə, həmin üzləşmə aktı mahiyyət etibarilə,
MM-in 882-ci maddəsinə uyğun olaraq, özündə borclu üçün yeni öhdəliklər müəyyən edən mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qiymətləndirilməlidir. Mübahisə predmeti olan zaminlik müqaviləsi isə 2020-ci il 20 oktyabr tarixində, yəni sözügedən üzləşmə aktı imzalandıqdan 5 gün sonra bağlanmışdır.

Məhkəmənin gəldiyi yekun nəticə 

Ali Məhkəmə Cavabdehlərin kassasiya şikayətini təmin etməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının  qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır.

Əlaqəli qərarlar