Giriş
Sovet dövründə verilən texniki pasportlar uzun müddət ev və torpaq sahələrinin mülkiyyətini təsdiq edən əsas sənəd olmuşdur. Ancaq müstəqillikdən sonra yaradılan dövlət reyestri sistemi ilə bu köhnə sənədlərin necə nəzərə alınacağı və onların əsasında mülkiyyət hüququnun tanınıb-tanınmaması, xüsusilə vərəsəlik işlərində tez-tez mübahisələrə səbəb olmuşdur.
Bu məsələdə təkcə mülkiyyət hüquqları deyil, həm də hüquqi müəyyənlik, qeydiyyatın dəqiqliyi və inzibati orqanların qərarlarını əsaslandırması kimi vacib prinsiplər ön plana çıxır. Ali Məhkəmənin 04 iyun 2025-ci il tarixli qərarı bu mövzulara aydınlıq gətirmiş və inventarizasiya pasportunun hüquqi əsas kimi qəbul olunduğunu bir daha vurğulamışdır.
İşin faktiki halları
İş üzrə inzibati mübahisə mərhum şəxsin mülkiyyətində olmuş əmlak və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın (arayışın) ilə bağlı olmuşdur. İddiaçı qanun üzrə vərəsə qismində çıxış etmiş, cavabdeh isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi olmuşdur.
Araşdırma zamanı aşağıdakı hüquqi əhəmiyyətli hallar müəyyən edilmişdir:
-
Ölüm faktının təsdiqi – Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə mərhumun xx.xx.1995-ci ildə vəfat etməsi müəyyən edilmiş və həmin qətnaməyə əsasən ölüm haqqında şəhadətnamə verilmişdir. Bu, vərəsəlik işinin başlanması üçün hüquqi əsas olmuşdur.
-
Şəxsin identifikasiyası –Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə 1961-ci ildə tərtib olunmuş texniki pasportda ev sahibi kimi göstərilən “M. A.” adının əslində mərhum şəxsə aid olduğu müəyyən edilmişdir. Beləliklə, pasportun mərhuma mənsub olduğu məhkəmə aktı ilə rəsmən təsdiq edilmişdir.
-
Vərəsəlik münasibətləri – Mərhumun vəfatı ilə əlaqədar notariat orqanında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı həmin şəxslər sırasına daxil olmaqla, qanun üzrə vərəsə statusuna malik olmuşdur.
- İmtina – İddiaçı cavabdeh orqana müraciət edərək, həmin ünvanda yerləşən əmlaka dair dövlət reyestrindən arayış verilməsini tələb etmişdir. Lakin cavabdeh 2019-cu il tarixli məktubla ərizəni rədd etmişdir. İmtinanın əsasları kimi göstərilmişdir ki:
- iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyasına və qiymətləndirilməsinə dair”pasportun nüsxəsi idarənin arxivində aşkar edilməmiş;
-
“B” yaşayış evində yenidənqurma işləri aparılmış, əlavə otaqlar inşa edilmiş;
-
torpaq sahəsi dörd hissəyə bölünmüş, müxtəlif ailələrin faktiki istifadəsinə verilmiş;
-
“A” yaşayış evinə baxış keçirilməsinə şərait yaradılmamışdır.
- Məhkəmə instansiyalarının mövqeyi:
Birinci instansiya məhkəməsi- iddianı təmin etmiş, cavabdehin üzərinə dövlət reyestrindən arayış vermək öhdəliyi qoymuşdur.
Apellyasiya instansiyası Cavabdehin apellyasiya şikayətini təmin etmiş, birinci instansiyanın qərarını ləğv edərək iddianı rədd etmişdir. Apellyasiya məhkəməsi rekonstruksiya, torpaq bölgüsü və texniki uyğunsuzluq arqumentlərinə istinad etmişdir.
Nəticədə iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya qərarının əsaslandırılmamış olduğunu və işin halları tam araşdırılmadan qənaətə gəlindiyini bildirmişdir.
Ali Məhkəmənin mövqeyi
Ali Məhkəmə kassasiya şikayətini qismən təmin etmiş, apellyasiya qərarını ləğv etmiş və işi yenidən apellyasiya instansiyasında baxılmaq üçün göndərmişdir. İddiaçının “arayışın verilməsi” tələbi isə rədd edilmişdir. Kollegiyanın əsas nəticələri bunlardır:
1. İlkin tikililərin uyğunluğu təsdiq edilmişdir.
Cavabdehin müayinə aktı ilə 1961-ci il texniki pasportunun müqayisəsi göstərmişdir ki, “A” və “B” evlərinin əsas ölçüləri hüquqmüəyyənedici sənədlə uyğun gəlir. Uyğunsuzluq yalnız sonradan inşa edilmiş əlavə sahələrdən ibarətdir. Buna görə də “ilkin tikililər tam sökülərək yenidən tikilmişdir” arqumenti sübuta yetirilməmişdir.
2. Sonradan inşa edilmiş tikililər ayrıca hüquqi qiymətləndirilməlidir.
İlkin tikilinin mülkiyyət hüququnun tanınması ilə bağlı- Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci maddəsinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Lakin sonradan inşa edilən sahələr üzrə ayrıca hüquqmüəyyənedici sənədlərin mövcud olub-olmaması apellyasiya instansiyasında araşdırılmalıdır.
3. Torpaq sahəsinin ölçüsü eynidir, mübahisə yalnız sərhədlərə və istifadə rejiminə aiddir.
Müayinə aktına əsasən torpaq sahəsinin ölçüsü həm texniki pasportda, həm də faktiki vəziyyətdə 0.131482 ha təşkil edir. Bu şəraitdə cavabdehin “perimetrik ölçülərdə uyğunsuzluqlar var” iddiası dəqiq əsaslandırılmamışdır. Apellyasiya instansiyası bu uyğunsuzluğun nədən ibarət olduğunu aydınlaşdırmalı və bunun əsasında məsələyə hüquqi qiymət verməlidir.
4. Üçüncü şəxslərin prosesə cəlbi zəruridir.
Torpaq sahəsinin dörd hissəyə bölünməsi və müxtəlif ailələrin faktiki istifadəsi həmin şəxslərin məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilməsini tələb edir.
5. Sübutlar tam araşdırılmamışdır.
İnzibati Prosessual Məcəllənin 12 və 58-ci maddələrinin tələblərinə əsasən, məhkəmə işin həlli üçün əhəmiyyət kəsb edən bütün halları tam və hərtərəfli araşdırmalı, toplanmış sübutları qiymətləndirməli və tərəflərin irəli sürdüyü arqumentlərə əsaslandırılmış cavab verməlidir. Apellyasiya instansiyası məhkəməsi göstərilən tələblərə riayət etmədiyindən, onun qəbul etdiyi qərar ləğv edilmişdir.
Nəticə
Məhkəmə qərarlarının əsaslandırılması həm Azərbaycan qanunvericiliyinin, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda təsbit olunmuş fundamental tələblərdəndir. AİHM-in mövqeyinə görə, məhkəmə qərarları tərəflərin arqumentlərinin nəzərə alındığını göstərməli, işin əsas məsələlərinə aydın cavab verməli və ədalətli məhkəmə araşdırmasının təmin olunduğunu nümayiş etdirməlidir.
Məhz bu standartlar baxımından Ali Məhkəmənin 04 iyun 2025-ci il tarixli iş üzrə apellyasiya instansiyasının qərarını ləğv etməsi və işi yenidən baxılmağa göndərməsi, milli və beynəlxalq hüquqi prinsiplərə uyğun, əsaslandırılmış addım olmuşdur.