İNZİBATİ

Şəxsi seçimlə ictimai qayda arasında: Ali Məhkəmə ad, ata adı və soyad dəyişikliyində balansı necə qorudu?

Giriş

Müasir hüquq elminin aktual məsələlərindən biri fərdin kimlik elementlərinin – ad, ata adı və soyadın dəyişdirilməsi hüququnun hüdudlarının və tətbiq imkanlarının müəyyənləşdirilməsidir. Şəxsi həyatın mühüm tərkib hissəsi olan bu institut eyni zamanda dövlətin dil siyasəti, əhalinin qeydiyyat sisteminin sabitliyi və ailə/nəsil mənsubiyyətinin müəyyənliyi ilə sıx bağlıdır. Bu səbəbdən mövzu həm şəxsi hüquqların müdafiəsi, həm də ictimai maraqların balanslaşdırılması baxımından diqqət çəkir.

Ali Məhkəmənin 31 iyul 2025-ci il tarixli qərarı məhz bu məsələyə yeni aydınlıq gətirmiş, “real, ciddi və əsaslandırılmış məhrumiyyət” meyarını ön plana çıxarmışdır. Bu yazıda həmin qərarın faktiki halları, hüquqi əsasları və məhkəmənin mövqeyi təhlil ediləcək, eyni zamanda gələcək praktikaya verə biləcəyi istiqamətlər dəyərləndiriləcəkdir.

İşin faktiki halları

İddiaçı məhkəməyə müraciət edərək adının “Xədicə”dən “Hədicə”yə, ata adının “Yeganə”yə, soyadının isə nənəsinin adından yaranmış “Həliməli”yə dəyişdirilməsini tələb etmişdir.

Araşdırmalarla müəyyən edilmişdir ki:

  • Adın dəyişdirilməsi: İddiaçı “H” hərfinin daha yumşaq səslənməsi səbəbindən “Hədicə” formasını istəmişdir. Lakin “Dövlət dili haqqında” Qanunun 8-ci maddəsiNazirlər Kabineti yanında Terminologiya Komissiyasının rəyinə görə “Hədicə” forması Azərbaycan ədəbi dil normalarına uyğun hesab edilməmişdir. Buna görə də qeydiyyat orqanı adın bu formada dəyişdirilməsinə icazə verməmişdir.
  • Ata adının dəyişdirilməsi: İddiaçı atasının onun həyatında iştirak etmədiyini əsas gətirərək ata adının anasının adı ilə əvəz olunmasını istəmişdir. Lakin Ailə Məcəlləsinin 53.2 və 46-cı maddələrinə, habelə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 3.1-ci bəndinə görə ata adı yalnız bioloji və ya hüquqi atasının adına əsaslana bilər. Ana adı ata qrafasında qeydə alına bilməz.
  • Soyadın dəyişdirilməsi: İddiaçı nənəsinin xatirəsini yaşatmaq məqsədilə “Həliməli” soyadını daşımaq istəmişdir. Lakin Ailə Məcəlləsinin 53.3-cü maddəsinə görə uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Qanunvericilik soyadın valideynlərdən birinə məxsus olmayan formada dəyişdirilməsinə icazə vermir. “Həliməli” soyadı ailənin əvvəlki nəsillərində mövcud olmadığından tələbin təmin edilməsinə hüquqi əsas yaranmamışdır.

Ali Məhkəmənin Mövqeyi

Ali Məhkəmə aşağı instansiyaların mövqeyini dəstəkləmişdir. Kollegiya qeyd etmişdir ki:

  • Ad, ata adı və soyadın dəyişdirilməsi hüququ mütləq deyil, yalnız şəxsin real, ciddi və əsaslandırılmış məhrumiyyətlərlə üzləşdiyi hallarda təmin edilə bilər.
  • İddiaçının təqdim etdiyi arqumentlər (emosional bağlılıq, səs uyarlığı, simvolik hörmət motivləri) belə məhrumiyyətlər yaratmadığı üçün fərdi maraqlar ictimai maraqlardan üstün tutulmamışdır.

  • İctimai maraqlar dedikdə dövlət dilinin qorunması, əhalinin qeydiyyatının dəqiqliyi və hüquqi müəyyənlik nəzərdə tutulmuşdur.

Nəticədə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

Hüquqi Çərçivə və İctimai Əhəmiyyət

Bu qərar məhkəmə təcrübəsində yeni yanaşma kimi diqqətəlayiqdir.  Vacib məqamlar bunlardır:

  • Adın yazılış qaydası: Dövlət dilinin ədəbi normalarına uyğun gəlməyən adların rəsmiləşdirilməsinə yol verilmir.
  • Ata adı institutu: Ana adının ata adı kimi yazılması mövcud qanunvericilik çərçivəsində yolverilməzdir.

  • Soyad dəyişikliyi: Valideyn soyadı ilə bağlılığı olmayan yeni soyadın qəbulu yalnız fərdi emosional səbəblərlə əsaslandırıla bilməz.

  • Ümumi meyar: Şəxsi zövq və simvolik bağlılıq təkbaşına əsas ola bilməz; hüquqi qiymətləndirmə üçün real, ciddi və əsaslandırılmış məhrumiyyət göstərilməlidir.

Nəticə

Ali Məhkəmənin 31 iyul 2025-ci il tarixli qərarı fərdi kimlik elementlərinin dəyişdirilməsi ilə bağlı hüquqi yanaşmanı aydınlaşdırmışdır. Qərarda vurğulanmışdır ki, şəxsi seçimlər təkbaşına kifayət etmir; onların həyata keçirilməsi üçün ictimai maraqlarla uzlaşan ciddi və əsaslı səbəblər göstərilməlidir. Bu mövqe gələcəkdə analoji işlərdə həm məhkəmələr, həm də inzibati orqanlar üçün istiqamətverici əhəmiyyət kəsb edəcəkdir.

Əlaqəli qərarlar