KOMMERSİYA
KOMMERSİYA

Müflisləşmə hüququnun sərhədləri: Fərdi sahibkar statusu olmayan fiziki şəxsin müflis elan edilməsinin mümkünsüzlüyü

Giriş

Müflisləşmə (iflas) institutunun tətbiqi hüquqi münasibətlərin mühüm istiqamətlərindən biridir. Borclunun öhdəliklərini yerinə yetirmə qabiliyyətini itirdiyi hallarda kreditorların maraqlarının qorunması və iqtisadi dövriyyənin sabitliyinin təmin olunması məqsədilə iflas prosedurları nəzərdə tutulmuşdur. Lakin bu prosedurların subyekt dairəsi məhduddur və hər kəsin müflis elan olunması qanunla mümkün deyildir. 2025-ci il 23 aprel tarixli Ali Məhkəmənin Kommersiya Kollegiyasının qəbul etdiyi qərar da məhz bu məsələnin hüquqi mahiyyətini aydınlaşdırmışdır.

İşin faktiki halları

Ərizəçi uzun müddət Xarici İşlər Nazirliyində diplomat vəzifəsində çalışmış və xarici təyinatdan sonra topladığı vəsaitlə tanışı olan şəxs – maraqlı şəxslə birlikdə avtomobil ticarəti ilə məşğul olmuşdur. Dövlət qulluqçusu kimi VÖEN ala bilmədiyi üçün bütün əməliyyatlar maraqlı şəxsin adı ilə aparılmışdır. Lakin ərizəçi iddia etmişdir ki, faktiki olaraq bu münasibətlər kommersiya xarakteri daşımış və gəlir əldə etmək məqsədinə xidmət etmişdir. Daha sonradan tərəflər arasında mübahisələr yaranmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2022-ci il 25 aprel tarixli qətnaməsinə əsasən ərizəçinin 195.000 ABŞ dolları məbləğində borcu müəyyən edilmişdir.

Ərizəçi bildirib ki, hazırda işsiz olduğundan və gəlirləri olmadığından borcu ödəmək imkanında deyildir. Bu səbəbdən məhkəməyə müraciət edərək özünün müflis elan edilməsini xahiş etmişdir. Maraqlı şəxs isə ərizəyə etiraz etmişdir.

Birinci instansiya – Sumqayıt Kommersiya Məhkəməsi ərizəni rədd etmişdir. Apellyasiya instansiyası – Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyası həmin qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.

Ərizəçi kassasiya şikayəti verərək apellyasiya qətnaməsinin ləğvini və özünün müflis elan edilməsini tələb etmişdir.

Ali Məhkəmənin hüquqi mövqeyi

Ali Məhkəmə işə baxaraq maraqlı və prinsipial mövqe ortaya qoymuşdur. Kollegiya müəyyən etmişdir ki:

  1. Müflis elan olunma subyektləri qanunla məhdudlaşdırılmışdır.
    “Müflisləşmə və iflas haqqında” Qanuna görə yalnız hüquqi şəxslər və fərdi sahibkar statusuna malik fiziki şəxslər müflis elan edilə bilər. Yəni, sadə vətəndaşlar və fərdi sahibkar statusunu qazanmamış şəxslər üçün belə imkan mövcud deyildir.

  2. Fərdi sahibkar statusunun əldə olunması üçün VÖEN tələb olunur.
    “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun və Vergi Məcəlləsinə görə, fiziki şəxsin sahibkar kimi tanınması üçün o, vergi orqanında uçota durmalı və VÖEN əldə etməlidir. Ərizəçi isə dövlət qulluqçusu olduğu üçün VÖEN ala bilməmişdir və buna görə də sahibkar statusu daşımamışdır.

  3. Analogiyadan istifadə mümkün deyildir.
    Mülki Məcəllənin 11.4-cü maddəsinə əsasən xüsusi münasibətləri tənzimləyən istisna normaları analogiya üzrə tətbiq edilə bilməz. Deməli, müflislik institutunun yalnız qanunda göstərilən subyektlərə aid edilməsi prinsipini digər fiziki şəxslərə şamil etmək olmaz.

  4. Prosessual nəticə – icraata xitam.
    Ərizəçi fərdi sahibkar statusuna malik olmadığından onun müflis elan olunması hüquqi baxımdan mümkün deyildir. Belə olan halda məhkəmə ərizəyə mahiyyəti üzrə baxmalı deyildi. Mülki Prosessual Məcəllənin 153.2.1 və 261.0.1-ci maddələrinə uyğun olaraq iddia ərizəsinə baxmaqdan imtina edilərək bu cür hallarda iş üzrə icraata xitam verilməlidir.

Nəticədə Ali Məhkəmə ərizəçinin kassasiya şikayətini qismən təmin etmiş, apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iş üzrə icraata xitam vermişdir.

Əlaqəli qərarlar